Məzmuna keç

İstifadə Şərtləri

DİREKTOR.AZ saytının, abunəliklərinin və xidmətlərinin istifadə qaydaları

Qüvvəyə minmə tarixi: 19.10.2026Versiya: 1.1Məxfilik Siyasəti →

Bu sənədin Azərbaycan dilindəki mətni hüquqi qüvvəyə malikdir.

Bu İstifadə Şərtləri (bundan sonra — «Şərtlər») https://www.direktor.az ünvanında yerləşən DİREKTOR.AZ saytından, onun «İmtahan yarat» xidmətinin ayrıca ünvanı olan https://ksq.az ünvanındakı KSQ.AZ saytından (birlikdə — «Sayt») və onların vasitəsilə təqdim olunan bütün xidmətlərdən istifadənin qaydalarını müəyyən edir. Saytın operatoru DİREKTOR.AZ-dır (bundan sonra — «biz», «Operator»). Siz Saytda hesab yaradaraq, abunəlik alaraq və ya Saytdan hər hansı digər şəkildə istifadə edərək bu Şərtləri və onun ayrılmaz hissəsi olan Məxfilik Siyasətini oxuduğunuzu, başa düşdüyünüzü və onlarla razılaşdığınızı təsdiq edirsiniz.

Zəhmət olmasa, xüsusilə 6-cı (Abunəliklər və ödəniş), 7-ci (Avtomatik yenilənmə) və 8-ci (Ləğv və geri qaytarma) bölmələri diqqətlə oxuyun: onlar sizdən pul alınmasının qaydalarını müəyyən edir.

1. Ümumi müddəalar

Bu Şərtlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında», «Elektron ticarət haqqında» və «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikası qanunlarına uyğun tərtib edilmiş ümumi ofertadır. Hesabın yaradılması, ödənişin edilməsi və ya Saytdan istifadənin davam etdirilməsi bu ofertanın qəbulu (aksepti) sayılır və Operator ilə sizin aranızda hüquqi qüvvəyə malik müqavilə yaradır.

Saytdan yalnız 18 yaşına çatmış və tam fəaliyyət qabiliyyətinə malik şəxslər istifadə edə bilər. Sayt məktəb rəhbərləri, müəllimlər, təhsil işçiləri və təhsil sahəsi ilə maraqlanan böyüklər üçün nəzərdə tutulub. Hesab yaradaraq siz bu tələbə cavab verdiyinizi təsdiq edirsiniz.

Şərtlərin Azərbaycan dilindəki mətni hüquqi qüvvəyə malik əsas mətndir. İngilis dilindəki tərcümə yalnız tanışlıq üçündür; uyğunsuzluq olduqda Azərbaycan dilindəki mətn üstünlük təşkil edir.

Saytın bəzi xidmətləri (məsələn, «İmtahan yarat» və Koordinator proqramı) əlavə qaydalara tabedir; həmin qaydalar bu Şərtlərin müvafiq bölmələrində verilir və Şərtlərin tərkib hissəsi sayılır.

2. Əsas anlayışlar

  • Sayt — https://www.direktor.az və https://ksq.az (KSQ.AZ — «İmtahan yarat» xidmətinin ayrıca giriş ünvanı) ünvanlarındakı veb-saytlar, onların bütün səhifələri, mobil görünüşü və proqram interfeysləri (API). Hər iki ünvanda eyni hesab, eyni Balans və eyni Şərtlər qüvvədədir.
  • Xidmətlər — Saytda təqdim olunan məqalələr, sənədlər, testlər, səsli oxunuşlar (nəqletmə), gündəlik viktorina, «Testlər» kataloqu, dərslik kitabxanası, «Gündəm», WhatsApp köməkçisi, «İmtahan yarat» və gələcəkdə əlavə olunacaq digər funksiyalar.
  • İstifadəçi — Saytdan istifadə edən hər hansı şəxs; Qeydiyyatlı istifadəçi — hesab yaratmış şəxs.
  • Hesab — Qeydiyyatlı istifadəçinin e-poçt ünvanı, telefon nömrəsi və şifrə ilə girdiyi şəxsi profili.
  • Abunəlik — Saytın ödənişli məzmununa və funksiyalarına müəyyən müddətə çıxış hüququ. Tariflər: Premium və Abunə +.
  • Tarif dövrü — abunəliyin alındığı müddət: 1 ay (30 gün), 3 ay (90 gün), 6 ay (180 gün) və ya 12 ay (360 gün).
  • Avtomatik yenilənmə — sizin razılığınızla, tarif dövrünün sonunda yadda saxlanılmış bank kartınızdan növbəti dövrün haqqının avtomatik tutulması.
  • Ödəniş sistemi — kart ödənişlərini qəbul edən lisenziyalı ödəniş təşkilatı: Epoint («Global Innovations» MMC, Azərbaycan Respublikası Mərkəzi Bankının ÖT-002 nömrəli ödəniş təşkilatı lisenziyası).
  • Balans — «İmtahan yarat» xidmətində sual yaradılması üçün istifadə olunan, əvvəlcədən ödənilmiş vəsait.
  • Koordinator — Operatorun ayrıca razılaşma əsasında təyin etdiyi, Saytı öz tövsiyə linki ilə tanıdan və bunun müqabilində mükafat alan şəxs.

3. Hesab, qeydiyyat və təhlükəsizlik

Qeydiyyat zamanı adınız, e-poçt ünvanınız, Azərbaycan mobil nömrəniz və şifrəniz tələb olunur. Siz düzgün, tam və aktual məlumat verməyi, dəyişiklik olduqda profilinizdə yeniləməyi öhdənizə götürürsünüz. Telefon nömrəsi məcburidir: abunəlik, ödəniş və yenilənmə ilə bağlı bildirişlər WhatsApp vasitəsilə həmin nömrəyə göndərilir.

Bir telefon nömrəsinə yalnız bir hesab yaradıla bilər. Hesab şəxsidir və başqasına verilə, satıla və ya bir neçə şəxs tərəfindən birgə istifadə edilə bilməz. Hesabınızın giriş məlumatlarının məxfiliyinə və hesabınızdan edilən bütün hərəkətlərə görə məsuliyyət daşıyırsınız. Şifrənizin başqasının əlinə keçdiyini düşünürsünüzsə, onu dərhal dəyişin və bizə məlumat verin.

Operator aşağıdakı hallarda hesabı xəbərdarlıq etmədən müvəqqəti dayandıra və ya bağlaya bilər: yalan məlumatla qeydiyyat; hesabın paylaşılması və ya satılması; ödənişli məzmunun icazəsiz yayılması; Saytın işinə müdaxilə; bu Şərtlərin digər pozuntuları. Ödənilmiş, lakin istifadə edilməmiş müddətə görə vəsaitin qaytarılıb-qaytarılmaması 8-ci bölməyə uyğun həll olunur.

Saytın ayrı-ayrı bölmələrinə (məsələn, redaktorlar, satış əməkdaşları və koordinatorlar üçün nəzərdə tutulmuş panellərə) çıxış yalnız Operatorun verdiyi rol əsasında mümkündür və həmin şəxslərin Operator qarşısında ayrıca öhdəlikləri var.

4. Xidmətlərin məzmunu

Sayt məktəbşünaslıq, təhsil qanunvericiliyi, məktəb rəhbərliyi, pedaqogika və əlaqəli sahələr üzrə məqalələr, sənəd nümunələri, testlər, səsli oxunuşlar, video materiallar, gündəlik viktorina, dərslik kitabxanası və süni intellekt əsaslı köməkçi xidmətlər təqdim edir.

Saytdakı materiallar məlumat və peşəkar inkişaf məqsədi daşıyır. Onlar hüquqi məsləhət, rəsmi orqanların mövqeyi və ya hər hansı fərdi vəziyyət üzrə tövsiyə sayıla bilməz. Normativ sənədlər dəyişə bilər; rəsmi qərar qəbul etməzdən əvvəl qüvvədə olan mənbələri yoxlamağı tövsiyə edirik. Test və viktorina nəticələri yalnız özünüyoxlama üçündür və heç bir rəsmi qiymətləndirməni əvəz etmir.

Operator Xidmətləri daim inkişaf etdirir: funksiyalar əlavə edilə, dəyişdirilə və ya ləğv edilə, məzmun yenilənə və ya arxivə göndərilə bilər. Ödənişli bir funksiyanın ləğvi aktiv abunəliyinizin əsas məzmununa çıxışınıza təsir etmir.

Saytın WhatsApp köməkçisi («Aysel») və «İmtahan yarat» xidməti süni intellekt texnologiyaları ilə işləyir. Süni intellektin cavabları və yaratdığı materiallar səhv ola bilər; onlar mütəxəssis yoxlaması olmadan rəsmi məqsədlər üçün istifadə edilməməlidir (bax: 9-cu bölmə).

5. Pulsuz istifadə və onun hədləri

Saytın bir hissəsi hamı üçün açıqdır. Qeydiyyatlı istifadəçi ilk 4 premium məqaləni pulsuz oxuya bilər; açılmış məqalə həmin istifadəçi üçün sonradan da açıq qalır. Bu hədd dolduqdan sonra digər premium məqalələr abunəlik tələb edir.

Premium məqalələrin testləri, səsli oxunuşlar və WhatsApp köməkçisi pulsuz həddə daxil deyil və yalnız aktiv abunəliyi olan istifadəçilərə açıqdır. Gündəlik viktorina qeydiyyatsız da oynanıla bilər; nəticənin saxlanılması və seriyaların (streak) sayılması üçün hesab lazımdır.

Operator pulsuz həddi, onun şərtlərini və açıq məzmunun həcmini istənilən vaxt dəyişə bilər; artıq açılmış pulsuz məqalələr geri bağlanmır.

6. Abunəliklər, tariflər və ödəniş

Tariflər. Sayt iki tarif təklif edir: Premium (bütün premium məqalələr, sənədlər, testlər, səsli oxunuşlar və digər abunəçi funksiyaları) və Abunə + (Premium-un bütün imkanları və WhatsApp köməkçisi daxil olmaqla, ödəniş səhifəsində göstərilən əlavə funksiyalar). Hər tarifin tam tərkibi və cari qiyməti ödəniş zamanı göstərilir; Operator köməkçi kimi ayrı-ayrı funksiyaları hər iki tarifə də aça bilər.

Tarif dövrləri. Abunəlik 1 ay (30 gün), 3 ay (90 gün), 6 ay (180 gün) və ya 12 ay (360 gün) müddətinə alına bilər (satışda olan müddətlər ödəniş səhifəsində göstərilir). Hesablama təqvim ayı ilə deyil, günlə aparılır: hər ay 30 gün sayılır.

Qiymətlər. Qiymətlər Azərbaycan manatı (AZN) ilə göstərilir və yekundur. Operator qiymətləri dəyişə bilər; dəyişiklik yalnız ondan sonrakı alışlara şamil olunur. Avtomatik yenilənmə zamanı sizdən tutulan məbləğ 7-ci bölmədə göstərilən qaydada razılaşdığınız qiymətdən yüksək ola bilməz.

Ödəniş. Ödənişlər bank kartı ilə, Epoint ödəniş sisteminin qorunan səhifəsində aparılır. Kartınızın tam nömrəsi və təhlükəsizlik kodu Operatora ötürülmür və Operator tərəfindən saxlanılmır. Abunəlik ödəniş bankın təsdiqi ilə bizə çatdığı anda aktivləşir; adətən bu bir neçə saniyə çəkir. Ödəniş səhifəsindən geri qayıtdıqdan sonra nəticə görünmürsə, bir neçə dəqiqə gözləyin və ya profilinizdəki «Abunəlik» bölməsini açın — Sayt ödənişin vəziyyətini bankdan yenidən soruşur.

Müddətin hesablanması. Aktiv abunəliyi olan istifadəçi eyni tarifi yenidən aldıqda yeni müddət cari dövrün sonuna əlavə olunur. Eyni tarif üzrə öncədən ödənilmiş müddət məhduddur: 1 aylıq alışlarla cari gündən ən çoxu 90 gün irəli, uzun müddətli alışlarla isə alınan müddət üstəgəl 90 gün irəli ödəmək mümkündür; bu hədd aşıldıqda artıq günlər əlavə olunmur. Dövrü bitmiş abunəlik ödəniş günündən yenidən başlayır.

Tarifin yüksəldilməsi. Aktiv Premium abunəçi Abunə + aldıqda yeni tarif dərhal qüvvəyə minir, Abunə + qiyməti tam tutulur və alınan müddət qalan günlərin üstünə əlavə olunur (bu halda 90 günlük hədd tətbiq edilmir). Aktiv Abunə + abunəçiyə daha aşağı tarifin satışı aparılmır.

Tamamlanmamış ödənişlər. Eyni anda yalnız bir açıq ödəniş sifarişiniz ola bilər. Başlanmış, lakin tamamlanmamış sifariş müəyyən müddətdən sonra avtomatik bağlanır; əgər bank bağlanmış sifariş üzrə ödənişi sonradan təsdiq edərsə, abunəlik yenə də aktivləşdirilir və siz məlumatlandırılırsınız. Ödəniş uğursuz olduqda sizdən vəsait tutulmur.

Bank çıxarışı. Ödəniş bank çıxarışınızda «Direktor.az» və tarifin adı ilə əks oluna bilər. Ödəniş sistemi öz xidmət haqqını Operatordan alır; sizdən əlavə haqq tutulmur. Bankınızın valyuta və ya digər komissiyaları sizinlə bankınız arasındakı münasibətə aiddir.

7. Avtomatik yenilənmə

Razılıq. Avtomatik yenilənmə yalnız sizin razılığınızla qoşulur. Operator bu imkanı təklif etdikdə, ödəniş düyməsinin üstündə kartınızın avtomatik yenilənmə üçün yadda saxlanılacağı barədə aydın bildiriş göstərilir. Həmin bildirişi görərək ödənişi tamamlamağınız kartınızın saxlanılmasına və növbəti dövrlərin haqqının avtomatik tutulmasına razılıq deməkdir. Bildiriş göstərilmədən edilən ödənişlərdə kart saxlanılmır və heç bir avtomatik tutulma aparılmır.

Kartın saxlanılması. Kart məlumatı Epoint ödəniş sistemində, lisenziyalı ödəniş təşkilatının qaydaları ilə saxlanılır. Operator yalnız kartın maskalanmış nömrəsini (ilk və son rəqəmlər), bitmə tarixini və ödəniş sisteminin verdiyi texniki istinadı saxlayır. Bu istinad yalnız sizin abunəliyinizin yenilənməsi üçün istifadə oluna bilər.

Nə vaxt və nə qədər tutulur. Yenilənmə cəhdləri tarif dövrünün bitməsinə 3 gün qalmış başlayır. Tutulan məbləğ son dəfə aldığınız tarif və tarif dövrü üçün razılaşdığınız qiymətdir — abunəlik 12 ay müddətinə alınıbsa, 12 ay müddətinə yenilənir. Qiymət artıbsa, artım sizə avtomatik tətbiq edilmir: yenilənmə köhnə qiymətlə aparılır, yeni qiymət yalnız sizin yeni ödənişinizlə qüvvəyə minir. Qiymət azalıbsa, azalmış qiymət tutulur.

Uğursuz cəhdlər. Kartdan vəsait tutula bilmədikdə (məsələn, balans kifayət etmədikdə) Sayt ən çoxu 3 cəhd edir; cəhdlər arasında ən azı 20 saat fasilə olur və cəhdlər dövrün bitməsindən sonra 3 gün ərzində davam edir. Bu müddətdə abunəliyiniz açıq qalır. Bütün cəhdlər uğursuz olduqda avtomatik yenilənmə söndürülür, sizə bildiriş göndərilir və abunəliyiniz adi qaydada — Saytda özünüz ödəniş edənədək — dayanır. Eyni dövr üçün heç vaxt iki dəfə vəsait tutulmur.

Bildirişlər. Hər uğurlu avtomatik tutulmadan sonra, habelə yenilənmə dayandırıldıqda sizə WhatsApp vasitəsilə məlumat göndərilir. Yenilənmənin tarixi və məbləği profilinizin «Abunəlik» bölməsində də görünür.

Necə dayandırmaq olar. Avtomatik yenilənməni istənilən vaxt, heç bir səbəb göstərmədən dayandıra bilərsiniz: profilinizin «Abunəlik» bölməsində avtomatik yenilənməni söndürün və ya yadda saxlanılmış kartı silin. Dayandırma gələcək tutulmalara dərhal şamil olunur; artıq ödənilmiş dövr sonunadək istifadənizdə qalır. Həmçinin abunəliyin cari dövrün sonunda bitməsini seçə bilərsiniz. Çətinlik yaranarsa, bizə yazın — yenilənməni biz dayandırarıq.

Avtomatik yenilənmənin şərtlərində (qiymət, müddət, cəhdlərin sayı) sizin əleyhinizə hər hansı dəyişiklik yalnız növbəti tutulmadan əvvəl sizə bildirildikdən sonra tətbiq edilir; razı deyilsinizsə, növbəti tutulmadan əvvəl yenilənməni söndürə bilərsiniz.

8. Abunəliyin ləğvi və vəsaitin geri qaytarılması

Ləğv. Abunəliyi istənilən vaxt ləğv edə bilərsiniz: profilinizdə avtomatik yenilənməni söndürün və ya abunəliyin dövrün sonunda bitməsini seçin. Ləğv artıq ödənilmiş dövrə təsir etmir — məzmuna çıxışınız dövrün sonunadək qalır.

Başlanmış dövrlər. Abunəlik rəqəmsal məzmuna dərhal çıxış verir və ödənişin təsdiqi ilə icraya başlanır. Buna görə başlanmış tarif dövrü üçün ödənilmiş vəsait — istər sizin özünüzün etdiyiniz ödəniş, istərsə də razılığınızla aparılmış avtomatik yenilənmə olsun — bu bölmədə göstərilən hallar istisna olmaqla, geri qaytarılmır. Avtomatik yenilənməni istəmirsinizsə, onu cari dövr bitməzdən əvvəl profilinizdən söndürün (bax: 7-ci bölmə); yenilənmənin tarixi profilinizdə göstərilir.

Geri qaytarılan hallar. Aşağıdakı hallarda vəsait tam həcmdə, eyni ödəniş üsulu ilə geri qaytarılır: (a) eyni dövr üçün təkrar tutulma; (b) texniki səhv nəticəsində yanlış məbləğin tutulması, abunəliyin aktivləşməməsi və ya söndürülmüş avtomatik yenilənmə üzrə tutulma; (c) qanunvericiliklə geri qaytarılmanın məcburi olduğu digər hallar.

Müraciət qaydası. Geri qaytarılma üçün info@direktor.az ünvanına və ya +994 50 672 5911 nömrəsinə ödənişin tarixini, məbləğini və hesabınızın e-poçtunu göstərməklə müraciət edin. Müraciətə 5 iş günü ərzində baxılır; qaytarılma ödəniş sistemi vasitəsilə həmin karta edilir və bankdan asılı olaraq 3–10 iş günü çəkə bilər.

Operator Şərtləri ciddi pozmuş istifadəçinin hesabını bağladıqda istifadə edilməmiş müddətə görə vəsait qaytarılmır. Bu bölmə istehlakçı kimi qanunla sizə verilən hüquqları məhdudlaşdırmır.

9. «İmtahan yarat» xidməti və Balans

«İmtahan yarat» müəllimlər üçün nəzərdə tutulmuş xidmətdir: seçilmiş dərslik, sinif və mövzular əsasında süni intellekt kiçik (KSQ) və böyük (BSQ) summativ qiymətləndirmə üçün imtahan sualları hazırlayır, nəticə Word sənədi kimi yüklənə bilir. Xidmətə çıxış Operator tərəfindən mərhələlərlə açılır və hər vaxt bütün istifadəçilərə açıq olmaya bilər.

Qiymət və Balans. Suallar əvvəlcədən ödənilmiş Balansdan, hər sualın xidmət daxilində göstərilən qiyməti ilə ödənilir; qiymət fənn üzrə fərqlənə bilər. Balans bank kartı ilə artırılır. Sizdən yalnız təhvil verilən suallara görə vəsait tutulur: imtahan natamam qaldıqda yaradılmayan suallara görə Balansdan vəsait çıxılmır. Aktiv abunəçilərə hər ödənilmiş ay üçün müəyyən sayda pulsuz sual verilə bilər; pulsuz suallar yalnız aid olduğu ay ərzində etibarlıdır. Balansa yüklənmiş vəsait pula çevrilmir və 8-ci bölmədəki texniki səhv halları istisna olmaqla geri qaytarılmır; istifadə müddəti ilə məhdudlaşdırılmır.

Məsuliyyət. Yaradılan suallar süni intellektin məhsuludur və səhv, qeyri-dəqiq və ya kurikuluma tam uyğun olmaya bilər. Suallardan istifadə etməzdən əvvəl onları yoxlamaq və lazım gəldikdə redaktə etmək müəllimin öhdəliyidir. Operator imtahanın təhsil müəssisəsində istifadəsinin nəticələrinə, qiymətləndirmənin düzgünlüyünə və ya rəsmi tələblərə uyğunluğuna görə məsuliyyət daşımır.

Müəllif hüquqları. Dərsliklərin və metodik vəsaitlərin mətnləri onların müəlliflərinə və nəşriyyatlarına məxsusdur; Sayt onlardan yalnız mövzuların müəyyənləşdirilməsi və sualların hazırlanması üçün istifadə edir. Yaradılan imtahanlardan öz pedaqoji fəaliyyətinizdə istifadə edə bilərsiniz; onların kommersiya məqsədilə satışı və kütləvi yayımı qadağandır.

10. Koordinator (tövsiyə) proqramı

Operator ayrı-ayrı şəxsləri Koordinator təyin edə bilər. Koordinator Saytı öz şəxsi linki (və ya QR kodu) ilə tanıdır; həmin linklə qeydiyyatdan keçən istifadəçilərin ödənişlərinə görə Koordinatora Operatorun müəyyən etdiyi qaydada mükafat hesablanır. Mükafatın növü, məbləği, hansı ödənişlərə şamil olunduğu və ödənilmə qaydası Koordinatorla ayrıca razılaşdırılır və Operator tərəfindən dəyişdirilə bilər (dəyişiklik keçmişə şamil olunmur).

Tövsiyə linki ilə qeydiyyatdan keçən istifadəçiyə qeydiyyat zamanı onu kimin dəvət etdiyi göstərilir. Koordinator öz panelində dəvət etdiyi istifadəçilərin adını və ödənişlərin faktını görür; bu barədə ətraflı məlumat Məxfilik Siyasətində verilir.

Qadağandır: özünü tövsiyə etmək, saxta və ya başqasının adına hesablar yaratmaq, linki spam yolu ilə yaymaq, istifadəçiləri çaşdıran və ya Saytın adından yanlış vədlər verən reklam etmək. Belə hallarda Koordinatorun statusu dayandırılır və sui-istifadə ilə qazanılmış mükafatlar ödənilmir.

11. İstifadə qaydaları və qadağalar

Saytdan istifadə edərkən aşağıdakılar qadağandır:

  • hesabı başqası ilə paylaşmaq, bir hesabdan bir neçə şəxsin istifadəsi, hesabın satılması və ya icarəyə verilməsi;
  • ödənişli məqalələri, sənədləri, testləri, səsli oxunuşları və «İmtahan yarat» materiallarını Operatorun yazılı icazəsi olmadan köçürmək, çap edib yaymaq, dərc etmək, satmaq və ya ictimai çat qruplarında paylaşmaq;
  • Saytın məzmununu avtomatlaşdırılmış vasitələrlə (botlar, skreyperlər) toplamaq, Saytın proqram təminatını tərsinə mühəndislik etmək, təhlükəsizlik tədbirlərindən yan keçməyə çalışmaq;
  • WhatsApp köməkçisindən və «İmtahan yarat» xidmətindən sui-istifadə etmək: kütləvi avtomatik sorğular, zərərli və ya qanunsuz məzmun yaratmağa cəhd, Saytın ödəniş və limit sistemini aldatmaq;
  • şərhlərdə və mesajlarda təhqir, hədə, nifrət, böhtan, reklam-spam, başqasının şəxsi məlumatını və ya müəllif hüququ ilə qorunan materialı icazəsiz yerləşdirmək;
  • Saytın, Operatorun və ya digər istifadəçilərin hüquqlarını pozan, qanunvericiliyə zidd hər hansı digər hərəkət.

Operator qaydaları pozan məzmunu xəbərdarlıq etmədən silə, hesabı dayandıra və qanunla nəzərdə tutulmuş digər tədbirlər görə bilər.

12. Əqli mülkiyyət

Saytın bütün məzmunu — mətnlər, məqalələr, sənəd nümunələri, testlər, səsli oxunuşlar, illüstrasiyalar, dizayn, proqram təminatı və «DİREKTOR.AZ» adı — Operatora və ya ona lisenziya vermiş şəxslərə məxsusdur və «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanunu ilə qorunur.

Abunəlik sizə məzmundan şəxsi, qeyri-kommersiya məqsədilə istifadə üçün məhdud, geri çağırıla bilən, başqasına verilməyən lisenziya verir. Sənəd nümunələrindən öz təhsil müəssisənizin daxili işində istifadə edə bilərsiniz. Hər hansı digər istifadə Operatorun yazılı razılığını tələb edir.

Saytda yerləşdirdiyiniz şərhlər və göndərdiyiniz materiallar sizə məxsus qalır; onları Saytda göstərmək, saxlamaq və Xidmətlərin işləməsi üçün zəruri həcmdə emal etmək üçün Operatora pulsuz, qeyri-müstəsna lisenziya verirsiniz. Yerləşdirdiyiniz məzmunun qanuniliyinə görə məsuliyyət sizin üzərinizdədir.

13. Üçüncü tərəf xidmətləri və keçidlər

Ödənişlər Epoint tərəfindən, mesajlaşma WhatsApp tərəfindən, süni intellekt funksiyaları isə beynəlxalq texnoloji təchizatçılar tərəfindən təmin edilir. Bu xidmətlərdən istifadə etdikdə onların öz qaydaları da tətbiq oluna bilər. Operator üçüncü tərəf xidmətlərinin fasiləsizliyinə görə məsuliyyət daşımır, lakin onların seçimində və onlarla müqavilələrdə sizin məlumatlarınızın qorunmasını təmin edir (bax: Məxfilik Siyasəti).

Saytda başqa saytlara keçidlər ola bilər. Operator həmin saytların məzmununa və siyasətlərinə görə məsuliyyət daşımır.

14. Zəmanətlər və məsuliyyətin məhdudlaşdırılması

Operator Xidmətləri peşəkar səviyyədə və fasiləsiz təqdim etməyə çalışır, lakin Sayt «olduğu kimi» təqdim edilir. Texniki profilaktika, yeniləmələr, üçüncü tərəf xidmətlərinin nasazlığı və ya Operatordan asılı olmayan hallar (fors-major) səbəbindən qısamüddətli fasilələr ola bilər. Fasilənin bir aylıq tarif dövrü ərzində ümumi müddəti 3 gündən çox olarsa, müraciətiniz əsasında abunəliyinizin müddəti həmin günlər qədər uzadılır.

Operator məzmundakı qeyri-dəqiqliklərdən, süni intellektin cavablarından, test nəticələrindən və ya Saytdakı məlumatlara əsaslanaraq qəbul etdiyiniz qərarlardan irəli gələn dolayı zərərə, əldən çıxmış gəlirə və ya məlumat itkisinə görə məsuliyyət daşımır. Qanunla yol verilən həddə Operatorun sizin qarşınızda ümumi məsuliyyəti son 12 ay ərzində Operatora ödədiyiniz məbləğlə məhdudlaşır.

Bu məhdudiyyətlər Operatorun qəsdən və ya kobud ehtiyatsızlıqla vurduğu zərərə, habelə qanunla məhdudlaşdırıla bilməyən məsuliyyətə şamil edilmir və istehlakçı hüquqlarınızı məhdudlaşdırmır.

15. Hesabın dayandırılması və silinməsi

Hesabınızı silmək istəsəniz, hesabınızın e-poçtundan info@direktor.az ünvanına yazın və ya +994 50 672 5911 nömrəsinə zəng edin. Hesab və ona bağlı şəxsi məlumatlar 30 gün ərzində silinir; qanunla saxlanılması tələb olunan ödəniş və mühasibat qeydləri Məxfilik Siyasətində göstərilən müddətdə saxlanılır. Silinmədən əvvəl avtomatik yenilənmə söndürülür və yadda saxlanılmış kart silinir. Aktiv abunəliyin istifadə edilməmiş müddəti 8-ci bölməyə uyğun həll olunur.

Operator 3-cü və 11-ci bölmələrdə göstərilən pozuntulara görə hesabı dayandıra və ya bağlaya bilər. Mümkün olan hallarda sizə əvvəlcədən xəbərdarlıq edilir və izahat vermək imkanı verilir.

16. Şərtlərin dəyişdirilməsi

Operator bu Şərtləri dəyişə bilər. Yeni redaksiya bu səhifədə dərc olunur və səhifənin yuxarısında qüvvəyə minmə tarixi göstərilir. Əhəmiyyətli dəyişikliklər (xüsusilə ödəniş və avtomatik yenilənmə şərtlərinə dair) barədə Saytda bildiriş və ya WhatsApp mesajı ilə əvvəlcədən məlumat veririk. Dəyişiklikdən sonra Saytdan istifadəni davam etdirməyiniz yeni redaksiya ilə razılaşmanız deməkdir; razı deyilsinizsə, istifadəni dayandıra və hesabınızı silə bilərsiniz.

17. Tətbiq olunan hüquq və mübahisələrin həlli

Bu Şərtlərə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur. Hər hansı narazılıq yarandıqda əvvəlcə bizə müraciət etməyinizi xahiş edirik: müraciətlərə 5 iş günü ərzində cavab veririk və mübahisələrin əksəriyyəti bu yolla həll olunur. Razılığa gəlinmədikdə mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəmədə həll edilir. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli dövlət orqanına müraciət hüququnuz qorunur.

Şərtlərin hər hansı müddəasının etibarsız sayılması qalan müddəaların qüvvəsinə təsir etmir. Operatorun hər hansı hüququnu həyata keçirməməsi həmin hüquqdan imtina kimi şərh edilmir.

18. Əlaqə

Şərtlərlə, ödənişlərlə və ya hesabınızla bağlı hər hansı sualınız üçün bizimlə əlaqə saxlayın:

Fərdi məlumatlarınızın emalı barədə ətraflı məlumat üçün Məxfilik Siyasətinə baxın.

Qüvvəyə minmə tarixi: 19.10.2026 · Versiya 1.1